Fransanın atdığı addımlar, tutduğu mövqe, qərəzli və beynəlxalq hüququ çeynəyən davranışları Azərbaycanda haqlı etirazlara səbəb olub. Rəsmi Parisin davranışları bölgədə öz maraqlarını yeritmək cəhdidir, amma bu cəhd Cənubi Qafqazda sülhə mane olur, hətta Rusiyanın maraqlarına xidmət edir – çünki məhz Kreml bölgəmizdə dayanıqlı və qalıcı sülhdə maraqlı deyil.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.
Ekspert bildirib ki, bu fonda Azərbayanda Fransa mallarının boykot edilməsi məsələsi gündəmə gəlib:
“Təəssüf ki, bu tip məsələlərdə Türkiyə cəmiyyətinin davranış qaydalarını təqlid etmək cəhdləri var, amma Türkiyənin iqtisadiyyatı böyükdür, məsələn, elə Fransaya Türkiyə 2022-ci ildə 10,8 mlrd. dollarlıq mal satıb. Sadəcə, Türkiyədə bəzi çevrələrin davranışlarını görən bizdəki bəzi çevrələr eyni şeyləri deyirlər – halbuki qardaş Türkiyədə bəzən absurd aksiyalar da görürük, guya, məsələn, ABŞ mallarına etiraz edirlər, “koka-kola” alırlar, sonra onu yerə boşaldırlar, anlamırlar ki, “koka-kola”nı aldılarsa, artıq ABŞ iqtisadiyyatına xeyir verdilər, onu içmələri, ya kanalizasiyaya boşaltmaları “Koka-Kola” şirkətinin heç vecinə də deyil.
Fransanın 2022-ci ildə ümimi ixracı 618 mlrd. dollar olub, Azərbaycana ixracı isə 223 mln. dollar təşkil edib, yəni, tutalım, biz Fransadan mal almadıq, 618 mlrd. dolların yanında 223 mln. nədir ki?! Hələ onu da deyim ki, 2022-də Azərbaycan Fransaya cəmi 50 mln. dollarlıq mal (neft) satmışdısa, 2023-cü ilin ilk 10 ayında 128 mln. dollarlıq mal satmışıq, yəni, bu ilin ilk 10 ayında Fransaya ixracımız 2 dəfədən çox artıb.
Yəni “Fransa mallarını boykot edək”, deyənlərin rəqəmdən – məntiqdən başı çıxmır, yaxşı, bəs nə etmək olar, onu da deyim: Fransanın ən az iki böyük, önəmli şirkətinin Azərbaycanda ciddi maraqları var – “Airbus” və “Total”, birindən böyük həcmdə təyyarə alırıq, digəri isə qaz hasilatının əsas operatorudur. Bu şirkətlərin ciddi siyasi lobbi qrupları var ki, Fransa siyasətçiləri ilə işləyirlər. Azərbaycan bu iki şirkətlə daha sıx əməkdaşlıq edə, onlarla işləyərək şirkətlərin lobbiçilik imkanlarını səfərbər edə bilər. Daha bir yol isə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti ola bilər – bizim birlikdə Fransada seçici sayımız erməni əsilli seçicilərdən çoxdur, sadəcə Türkiyə diasporu bölünmüş haldadır, bizim diaspor isə ana dövlətdən pul gözləyir ki, mənasız aksiyalar keçirsin, məsələn, küçədə “Noldu, Paşinyan” mahnısı qoyub rəqs edirlər, guya, bununla ölkəyə kömək edirlər”.