Fransa Senatı SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib.
AzerTimes xəbər verir ki, bu barədə Senata istinadla erməni mediası yazıb.
Fransa Senatının məlumatına görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM-200 radarının alınmasına dair saziş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir.
Senat həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistana gətirilib, daha 26 ədəd “Bastion” da göndəriləcək.
“Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı fərq, əslində Ukraynadakı müharibənin göstərdiyi kimi, o qədər də praktik deyil. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”, – Fransa Senatı bildirib.