Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir.
Bunu AzerTimes-a Fransanın Azərbaycandakı səfiri Zakari Qross bir sıra erməni KİV-lərində Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə yer alan məlumatları şərh edərkən deyib.
O bildirib ki, qeyd olunan məlumat düzgün deyil və aldadıcıdır:
“Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir. Ermənistan da, Azərbaycanda xarici hərbi məhsul tədarükçülərini müəyyən edib. Bu tədarükçülər hər kəsə məlumdur. Ermənistanın və Azərbaycanın həm də region dövlətləri ilə müdafiə sazişləri mövcuddur. Fransanın nə Ermənistanla, nə də Azərbaycanla bu cür razılaşması yoxdur. Bu, Fransanın regiondakı təhlükəsizliyə qərəzsiz yanaşmasına uyğundur.
Fransa ATƏT Minsk qrupunun həmsədri qismində mandatının icra olunmasında tamamilə qərəzsizdir. Fransa Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədən və insan ölümlərindən təəssüflənir və atəşkəs rejiminə ciddi əməl etməyə, dayanıqlı sülhə, barışığa və əməkdaşlığa çağırır”.