Fransa hökuməti ilə Böyük Britaniya arasında gərginlik yenidən pik həddə çatıb.
AzerTimes xəbər verir ki, iki ölkə sərhədində yerləşən Dover limanında yaranan uzun növbə tərəflərin bir-birini tənqid etməsinə gətirib çıxarıb. Belə ki, Böyük Britaniya xarici işlər naziri Liz Trass Fransanı günahlandıraraq, sərhəd məntəqəsinə kifayət qədər hərbçi yerləşdirmədiyini bildirib və uzun növbələrin buna görə yarandığını söyləyib.
İnsanların üzləşdiyi çətin vəziyyəti həll etmək üçün hərəkətə keçmək lazım olduğunu vurğulaya Trass deyib:
“Fakt budur ki, Fransa səlahiyyətliləri sərhədə kifayət qədər hərbçi yerləşdirməyib. Bununla bağlı Fransa səlahiyyətliləri ilə əlaqə saxlayıram”.
Fransız səlahiyyətliləri isə Britaniya hökumətinin iddialarını rədd edərək, gecikmə və maneənin səbəbinin Breksit və sərhəd nəzarəti olduğunu bildirib.
Qeyd edək ki, Dover limanı Fransa, Belçika və Hollandiyaya daxil olmaq istəyən sərnişinlər üçün mühüm dayanacaqdır. Ötən gün sərnişinlər 6 saata qədər növbədə qalıblar və bundan sonra “ciddi vəziyyət” elan edilib.