Fransa mediası Parisin Livanın silahlı qüvvələrinə zirehli transportyorlar çatdırması barədə məlumat yayıb.
AzerTimes AzVision.az-a istinadən xəbər verir ki, Fransa rəsmilərinin bildirdiyinə görə, tədarükün məqsədi Qəzza zolağı ətrafında gərginliyin artması fonunda Livan ordusunu gücləndirməkdir.
ABŞ-da respublikaçıların intellektual ruporu olan “Nəşnl İnterest” nəşrinin fikrincə, Livana tədarük edilən hər hansı hərbi texnikanın Hizbullahın və yaxud da dolayısı yolla onun ağası olan İranın əlinə keçməsi riski yüksəkdir.
Hələ iyul ayında İsrailin “Alma” tədqiqat və təhsil mərkəzi ABŞ, İngiltərə, Fransa və digər Avropa ölkələrinin Livan ordusuna verdiyi silahların Hizbullahın əlinə keçdiyini bildirib.
“Başqa sözlə, Livan ordusuna silah tədarükü terrorçulara dolayı yolla silah tədarükü kimi qiymətləndirilməlidir” , – nəşr vurğulayır.
Məlumatda, həmçinin Fransanın Tehranın yaxın müttəfiqləri ilə “şübhəli” sövdələşmələrə ilk dəfə cəlb olunmadığı vurğulanır. Fransanın Ermənistana silah tədarükünə diqqət çəkən müəlliflər İrəvanın hər iki ölkə ilə sıx əlaqələri fonunda bu silahların İran və ya Rusiyaya çata biləcəyini istisna etmirlər.