“Formula-1” yarışları: “Azərsu” operativ tədbirlərə başlayır

“Formula-1” yarışları: “Azərsu” operativ tədbirlərə başlayır

10-12 iyun 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək növbəti “Formula-1” üzrə Azərbaycan Qran Prisi üzrə yarışlar ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm tədbirlər həyata keçirilir.

Bu barədə AzerTimes-a qurumdan bildirilib.

Belə ki, yarışların keçiriləcəyi küçə və prospektlərin, istifadə olunacaq idman və turizm obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək üçün lazımi işlər görülüb.

Tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ qaydada həlli məqsədilə “Azərsu” ASC-də komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Eyni zamanda, işlərin operativ və koordinasiyalı aparılması məqsədilə qərargah yaradılıb.

Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi ərazilərdə içməli və tullantı su infrastrukturlarının normal fəaliyyətini təmin etmək və yarana biləcək qəza hallarının operativ şəkildə aradan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Yarışların keçiriləcəyi yerlərdə içməli su xətlərinin üzərindəki siyirtmələrin istismar vəziyyəti yoxlanılıb. Marşrut boyu bütün siyirtmə quyuları və yanğın hidrantları təftiş olunub, mövcud siyirtmələrin və yanğın hidrantlarının işlək vəziyyətdə olması üçün profilaktiki tədbirlər görülüb.Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 9 km-dək kanalizasiya xətləri, 300-dən artıq kanalizasiya baxış quyusu və barmaqlıq təmizlənib.

Yarışların keçiriləcəyi günlərdə ehtimal olunan qəza hallarının operativ şəkildə aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.

“Azərsu” ASC-nin “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi rayon sukanal idarələrinin 80-dək əməkdaşı təlimlərə cəlb olunub. Təlimlərdə qəza hallarının operativ şəkildə aradan qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak ediblər.

Qeyd edək ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinə nəzarət də gücləndirilib. Bu məqsədlə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin içməli və tullantı su sistemlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür, sahibkarlıq subyektlərinə tövsiyələr verilir.

Teqlər: