Formula-1-lə müqavilə uzadılmamalıdır – BAXCP

Formula-1-lə müqavilə uzadılmamalıdır – BAXCP

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

AzerTimes xəbər verir ki, toplantıda müzakirə olunan məsələlərdən biri də Formula-1 Azərbaycan Qran Prisi ilə bağlı olub. Bununla bağlı İdarə Heyətinin yaydığı açıqlamada deyilir:

“Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Azərbaycan mətbuatına müsahibəsində Formula-1 yarışının hələ uzun müddət Bakıda keçirilməsini istədiyini və bunun üçün dəstəyini əsirgəməyəcəyini bildirib. BAXCP İdarə Heyəti hesab edir ki, Formula-1 Azərbaycan Qran Prisinin Bakı şəhərinin mərkəzi hissəsində keçirilməsinə son qoyulmalı, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi ilə Formula-1 Şirkətlər Qrupu arasında imzalanan müqavilədə nəzərdə tutulan müddət uzadılmamalıdır”.

BAXCP İdarə Heyətinin qənaətinə görə, Formula-1 Azərbaycan Qran Prisinin keçirildiyi yol infrastrukturu Bakı şəhərinin cənub hissəsi ilə şimal istiqamətini əlaqələndirən əsas yol olduğu üçün bu ərazinin uzun müddət qapalı qalması, adi günlərdə belə nəqliyyat sığlığı və tıxac problemi ilə qarşı-qarşıya qalan paytaxt üçün əlavə problemlərin yaranmasına səbəb olur.

BAXCP İdarə Heyətinin açıqlamasında, həmçinin qeyd olunur ki, Formula-1 yarışlarının və digər avtomobil idman növlərinin populyar olduğu ölkələrin heç birinin paytaxtında belə yarışlar keçirilmir:

“Belə yarışlar üçün Bakının neftdən təmizlənmiş ərazilərində, yaxud ölkənin digər şəhər və rayonlarından birinin ərazisində xüsusi trekin inşası daha doğru olardı. Bu həm paytaxtda yolların bağlanmasına zəmin, nəqliyyatın hərəkətinə maneə yaratmaz, həm də ətraf mühitin qorunmasına töhfə vermiş olardı”.

BAXCP İdarə Heyətinin açıqlamasında Formula-1 Azərbaycan Qran Prisinin paytaxtın mərkəzi küçələrində, yol infrastruktunun hərəkət üçün strateji önəm daşıyan hissəsində keçirilməsinin ölkənin beynəlxalq imicinə də xələl gətirdiyi vurğulanır və qeyd olunur ki, yaranmış vəziyyət Azərbaycanda insan amilinə xüsusi önəm verilməməsi barədə ölkəmizə qarşı məqsədyönlü təbliğat kampaniyasının aparılmasına zəmin yaradır.

BAXCP hesab edir ki, hökumət vətəndaşların rahatlığını hər şeydən üstün tutmalıdır.

Teqlər: