Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişiklik edilib.
Trend “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, dəyişikliyə əsasən, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq olunan məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq.
İyunun 7-də səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
Azneft dairəsi – Niyazi küçəsi – İstiqlaliyyət küçəsi – B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutları 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa olunacaq.
Trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq, iyunun 8-də səhər saat 06:00-da aradan qaldırılacaq.