Formula 1 Azərbaycan Qran Prisində azarkeşlər üçün maraqlı və fərqli əyləncə proqramları təşkil olunacaq – Turab Teymurov (MÜSAHİBƏ)

Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab
Teymurovun AzerTimes-a müsahibəsi

– Yarış bundan sonra daha neçə il Bakı azarkeşlərini
sevindirəcək və ümumiyyətlə, Azərbaycan Qran-Prisi ölkəmizə nə
qazandırır?

Məlum olduğu kimi, yarışın başlamasına 2 ay qalır. Bakı Şəhər
Halqası Əməliyyat Şirkəti tam gücü ilə növbəti yarışın möhtəşəm
təşkili üçün böyük səylə çalışır. “Formula 1” Azərbaycan
Qran-Prisinin keçirilməsinə dair müqavilə müddəti 2024-cü ilə
kimidir. Azərbaycan artıq uzun illərdir ki, mötəbər beynəlxalq
idman tədbirlərinə ev sahibliyi edir. Burada əsas məqsəd ölkəmizin
dünyada tanıdılması, turistlərin cəlb olunması, bununla da ölkə
iqtisadiyyatının müxtəlif sahələrinə birbaşa və dolayısı ilə töhfə
verməkdir. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit
şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə,
keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506,3
milyon dollar gəlir qazandırıb. Bu, əsasən turizm, mehmanxana və
nəqliyyat sektorunda öz əksini tapıb. O cümlədən, peşəkar
xidmətlər, restoran, sosial və mədəni xidmətlər, poçt və
telekommunikasiya, tikinti sektoru və digər sahələrdəki inkişafı da
bu sıraya aid etmək olar. Pandemiya qlobal iqtisadiyyatda durğunluq
yaratmış oldu. Bu il daxil olmaqla, növbəti illərdə də Formula 1
Azərbaycan Qran Prisinin ölkəmizə faydasının artacağına əminik.

– Formula 1 Azərbaycan Qran-Prisi üçün tikinti işləri
hansı mərhələdədir?

Bildiyiniz kimi, Formula 1 Azərbaycan Qran Prisi artıq 6-cı
dəfədir ki, keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran Prisinə
hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə
tikinti-quraşdırma işlərinə 15 aprel gecə saatlarından etibarən
start verir.

Məlumat üçün bildiririk ki, yarış zamanı vətəndaşların və
sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istifadə
olunan beton blokların quraşdırılması gecə saatlarında həyata
keçiriləcək. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül
prospektinin kəsişməsindən başlayır və bütün yarış trekini əhatə
edəcək. Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların
iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların
quraşdırılmasına da başlanılır. Həmçinin, Paddok ərazisinin
infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd
olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq,
vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları
xahiş olunur. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara
tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə
öncədən təşəkkür edir.

– Bilet satışı ilə bağlı proses nə yerdədir, biletlərin
neçə faizi artıq satılıb? Azərbaycan Qran Prisinə biletlər ən çox
hansı ölkələrdən alınır?

Bilet satışlarına bir aydan çoxdur ki, start vermişik. Hazırda
bilet satışı bütün tribunalar üçün açıqdır və azarkeşlər tərəfindən
maraq olduqca yüksəkdir. Biletlərin qiyməti yerli azarkeşlər üçün
90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Azarkeşlərimiz
biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən,
həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə
bilərlər. Xarici azarkeşlərlə yanaşı, yerli azarkeşlərin yüksək
marağını müşahidə edirik və bu da bizi çox sevindirir. Hazırda
biletlərin satışına görə Azərbaycan, ABŞ və Böyük Britaniya ilk
üçlüyə daxildir. Bundan başqa, İspaniya, Niderland, Danimarka,
Rusiya, Fransa, Norveç və digər ölkələrin azarkeşləri say etibarilə
çoxluq təşkil edir. Qeyd edim ki, biletlər Azərbaycan
vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan
əcnəbilərə 20-25 faizlik endirimlə təklif olunur.

– 2020-ci ildə Formula 1 Azərbaycan Qran Prisinə bilet
alan neçə tamaşaçı biletlərini bu ilin yarışları üçün
dəyişdirib?

Doğru qeyd etdiniz, 2020-ci il yarışı təxirə salındığına görə
azarkeşlər biletlərini 2022-ci il biletlərinə dəyişmək imkanı əldə
edir. Bununla bağlı onlara SMS və email vasitəsilə məlumat
verilmişdir. Biletlər və ümumiyyətlə yarışla bağlı ətraflı məlumat
almaq üçün qaynar xəttimizə (*6003) müraciət edə bilərlər.

– Tamaşaçılar üçün əyləncə proqramına nələr daxildir? Bu
ilin yarış proqramında əvvəlki ilin yarış proqramı ilə müqayisədə
hansı dəyişikliklər olacaq?

Məlum olduğu kimi, ötən il yarışlar tamaşaçısız keçmişdi. Bu il
isə azarkeşlər üçün sevindirici xəbərimiz odur ki, yarışı canlı
izləyə biləcəklər. Pandemiya səbəbindən, tamaşaçıların
təhlükəsizliyini qorumaq məqsədilə yarışlar zamanı axşam
konsertləri nəzərdə tutulmayıb. Lakin, hər il olduğu kimi, bu dəfə
də azarkeşlər üçün maraqlı və fərqli əyləncə proqramları təşkil
olunacaq. Bunlar yarış formatının ayrılmaz hissəsidir və
şəhərimizdə xüsusi canlanma yaradır. Qeyd edək ki, 3 gün müddətində
bütün gün ərzində böyükdən balacaya hər kəs əyləncə proqramlarından
zövq ala biləcək. Bu il Formula 1 tarixində ən çox yarışların
keçirildiyi mövsümdür. Mövsüm boyu 23 yarış nəzərdə tutulub və
onların arasında ilk dəfə olaraq keçirilən Mayami yarışı var. Hesab
edirəm ki, belə nüfuzlu şəhərlərin sırasında şəhərimizin təmsil
olunması ölkəmiz üçün böyük uğurdur.
Hazırda məhdudiyyətlər azalmağa başlasa da, azarkeşlər yarışlar
zamanı ölkədə mövcud COVID-19 qaydalarına əməl etməli
olacaqlar.

– Formula 1 Qran Prisi Azərbaycanda hansı telekanal
vasitəsilə yayımlanacaq?

Hazırda yarışın yerli televiziyada yayımı ilə bağlı müzakirələr
aparılır. Nəticə ilə bağlı açıqlama veriləcək. Bununla yanaşı,
azarkeşlər digər Formula 1 yarışları ilə yanaşı, Azərbaycan Qran
Prisini də dünyanın bir sıra qabaqcıl idman televiziya kanalları
vasitəsilə izləyə biləcəklər. Qeyd edək ki, Formula 1 Azərbaycan
Qran Prisininin qlobal tamaşaçı auditoriyası 1.5 milyarda yaxındır.
Maraqlı faktı diqqətinizə çatdıraq. Son iki mövsümdə Azərbaycan
Qran Prisi Monako Qran Prisini keçərək ABŞ-da izlənilən ən popular
yarış olub.

Teqlər: