Florida Beynəlxalq Universitetində Xocalı soyqırımı haqqında məlumat verilib (FOTO)

ABŞ-ın Florida Beynəlxalq Universitetində Xocalı soyqırımının
30-cu ildönümü ilə əlaqədar təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
universitetin professor-müəllim, tələbə heyəti, Azərbaycanın
ABŞ-dakı səfirliyinin və Türkiyənin Mayamidəki Baş konsulluğunun
diplomatları iştirak ediblər.

ABŞ-da Azərbaycan Tələbə Təşkilatının həmtəsisçisi, Florida
Beynəlxalq Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər
fakültəsinin tələbəsi Aydın Eminov bəşəriyyət tarixinin ən dəhşətli
faciələrindən biri olan Xocalı soyqırımı haqqında ətraflı
təqdimatla çıxış edib. Erməni cəlladlarının 1992-ci il fevralın
25-dən 26-na keçən gecə vəhşicəsinə öldürdüyü 613 nəfər, o cümlədən
63 uşaq, 106 qadın və 70 ahıl barəsində faktlara, ABŞ mediasında bu
faciə haqqında yayımlanan xəbərlərə diqqəti cəlb edən soydaşımızın
çıxışı zamanı Xocalıda lentə alınan görüntülər və şəkillər nümayiş
etdirilib.

Nəzərə çatdırılıb ki, Xocalı faciəsinin soyqırımı aktı olması
faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların
qərar və qətnamələrində əksini tapıb: “Dünyanın 13 ölkəsi parlament
səviyyəsində, ABŞ-ın 24 ştatı parlament səviyyəsində və İslam
Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb”.


Bundan başqa, qeyd edilib ki, tarixin müxtəlif dövrlərində
Azərbaycan xalqı ermənilər tərəfindən soyqırım, etnik təmizləmə və
terror aktlarına məruz qalıb.

Tədbir çərçivəsində təşkil edilən anım guşəsində Xocalı
faciəsindən bəhs edən kitablar, broşürlər və fotosərgi nümayiş
etdirilib, soyqırımı qurbanlarının xatirəsinə şamlar
yandırılıb.

Teqlər: