6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günüdür. Bu gün 2002-ci
ildən başlayaraq hər il aprelin 6-sında bütün dünyada “Hər gün otuz
dəqiqə fiziki fəallıq!” devizi altında qeyd edilir.
Bu əlamətdar gün ölkəmizdə hər il müxtəlif maarifləndirici
tədbirlərlə geniş qeyd olunur, fiziki passivliyin olmaması və ya az
olması sağlamlığa zərərli təsirləri barədə ictimaiyyət
məlumatlandırılır.
Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli
diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və
sağlamlıq üçün böyük əhəmiyyətə
malikdir.
Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova
Ümumdünya Fiziki Aktivlik Günü çərçivəsində suallarımızı
cavablandırıb.
- Səidə xanım, fiziki passivliyin insan orqanizmi üçün nə
kimi zərərləri ola bilər?
Fiziki passivlik müasir dövrdə səhiyyəsinin ən böyük problemləri
sırasındadır. Araşdırmalara görə, fiziki passivlik və hipodinamiya
ümümi ölüm risk faktorları arasında 4-cü yerdədir. Belə ki, fiziki
passivlik ürək damar, diabet və xərçəng kimi xəstəliklərın
gedişatını ağırlaşdırır. Ümumdünya Səhiyyə Təşkilatının
hesabatlarına əsasən, 15 yaşından yuxarı dünyada əhalisinin 31.1%-i
fiziki passivdirlər.
13-15 yaşlı yeniyetmələr arasında da vəziyyət ürəkaçan deyil –
yeniyetmələrin 80%-i gündəlik minimal 60 dəqiqəlik aktivlik
rejiminə riayət etmirlər. Fiziki passivlik barədə danışanda oturaq
rejimi də qeyd eləmək lazımdır. XX əsrdə oturaq rejimin zərərlərini
hətta siqaretçəkmənin zərərlərinə bərabərləşdirirdilər. Oturmaq
siqaret çəkməyin yeni variantıdır (“sitting is a new smoking” )
ifadəsi bir müddət trendə çevrilmişdir.Qeyd edim ki, fiziki
aktivlik dedikdə gündə ən az 30 dəqiqə, həftədə 5 gün orta
intensivlikdə idman hərəkətlərinin edilməsidir. Uşaqlar və
yeniyetmələr üçün bu rəqəm fərqlidir – gündə 60 dəqiqə təşkil
edir.
Səidə xanım, fiziki aktivliyin insan
sağlamlığı üçün nə kimi müsbət təsirləri var? Fiziki aktiv
olmaqla hansı xəstəliklərin qarşısını almaq
mümkündür?
Fiziki aktivlik ürək damar, diabet və digər xəstəliklərin
profilaktikasında və kompleks müalicəsində vacib rol oynayır.
Fiziki aktivlik çəki nəzarəti, sümüklərin və əzələlərin möhkəm
olması üçün çox vacibdir. Tədqiqatlara əsasən, bir sıra
xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi
vaxtlar isə daha da güclü effekt göstərir. Aktivliyin orqanizmə
müsbət təsiri elmlə sübüt olunmuşdur. Bu təsirlər
aşağıdakılardır:
- Qlükozanı və insulin balansını tənzimləyir;
- Ürəyin koronar damarlarında qan axarını artırır;
- Trombların yaranması riskini azaldır;
- Qan təzyiqini tənzimləyir;
- Qanda lipid profili yaxşılaşdırır – “yaxşı” yağların
lipoproteidlərin səviyyəsini artırır, “pis” yağlarının səviyyəsini
azaldır.
Bununla yanaşı, fiziki aktivlik insanda depressiya, stress və
gərginliyi azaldır və ümümi əhvalı yaxşılaşdırır.
Bəs insanların fiziki passivliyinin əsas
səbəbləri sırasında nələr dayanır?
XXI əsrdə dünya əhalisinin əksəriyyəti uzun müddət kompüter
arxasında və nəqliyyatda oturaq vəziyyətdə keçirir. Bizim bədənimiz
hərəkət üçün hesablanıb. Müasir texnologiyalar və ofis iş şəraiti
isə bizi hipodinamik həyat tərzinə meyilləndirir. Böyüklər orta
hesabla sutka vaxtının 90%-ini qapalı məkanlarda keçirir. Gün
ərzində təxmini 9 saat oturaq vəziyyətdə oluruq. Oturaq rejiminin
bizim onurğamızın sağlamlığına, əzələ skelet strukturlarına və
digər sistemlərinə mənfi təsiri haqqında çoxdan sübut olunmuş
araşdırmalar movcuddur. Təbi ki, belə həyat tərzi bir sıra
xəstəliklərin yaranmasına şərait yaradır.
Orta və ya ağır fiziki aktivlik fəaliyyəti zamanı
dayaq-hərəkət aparatının travmaya məruz qalmaması üçün
tövsiyələriniz nələrdir?
İlk və ən vacib qayda – hansısa idman və hərəkət zamanı ağrı
hiss edirsinizsə onu dayandırın. Ağrı hərəkətinizin düzgün olmaması
ya da bədəninizin bu hərəkətə hazır olmaması barədə xəbərdarlıq
edir. Hər bir idmandan əvvəl isinmə mərhələsini unutmayın,
hərəkətin düzgün texnikasını öyrənin, öz gücünüzü düzgün
qiymətləndirin. Fiziki aktivliyə uyğun qidalanın, bol su için və
dincəlin. Bunlar idmandan sonra əzələlərimizin bərpası üçün kömək
edəcək.
Ölkəmizdə insanların fiziki aktivlik səviyyəsi qəbul
edilən normalara uyğundurmu? Azərbaycanda daha çox hansı yaşdan
olan insanlar fiziki aktiv olmağa üstünlük
verirlər?
Son illərdə bütün dünyada olduğu kimi ölkəmizdə də insanlar
hipodinamik həyata meyillidilər. Əvvəlki illərin sorğularında
əhalinin fiziki aktivliyi barədə yüksək göstəricilərə nəzər
salmışam. Fikrimcə, bu, konkret qrup əhali üçün keçərlidir –
cavanlar daha çox aktivliyə və idmana maraq göstərirlər. Həm də son
illərdə baş verən hadisələr – pandemiyanın əvvəlində tətbiq olunan
məhdudiyyətlər və bir çox sahələrdə distant iş və təhsilin tətbiqi
öz rolunu oynayıb. Ən azından, öz pasiyentlərimizə istinad edərək
bunu deyə bilərik.
Ev şəraitində fiziki aktiv olmaq üçün hansı məşqlər
edilə bilər?
Gündəlik idman proqramınıza gərmələri, balans üçün hərəkətləri,
ümümi bədənin sağlamlığına, tez-tez müşahidə olunan bel və boyun
ağrılarında istifadə olunan idman hərəkətlərini əlavə etmək
məsləhətdir. Bu idman hərəkətlərini Mərkəzi Gömrük Hospitalının
saytında yer alan “Düz qamət sağlam həyat” rubrikasından öyrənə
bilərsiniz. Linki Sizə təqdim edirəm: https://customshospital.az/hekim-mesleheti-duz-qamet/