“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci ildə Brent
markalı neftin orta illik qiymətinin bir barel üçün proqnozunu 70
dollardan 100 dollara, 2023-cü ildə 60 dollardan 80 dollara,
2024-cü ildə isə 53 dollardan 60 dollara qədər artırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə agentliyin açıqlamasında
deyilir.
Bildirilir ki, 2022-2024-cü illər üçün neftin qiymətinin
proqnozu Ukraynadakı münaqişədən sonra Rusiyanın karbohidrogen
tədarükünün dayandırılması risklərinin əhəmiyyətli dərəcədə
artması, həmçinin Avropa və bəzi qeyri-Avropa ölkələrinin digər
ölkələrdən tədarükə tələbatı və bazarda defesiti artıraraq Rusiya
yanacağından asılılığı azaltmaq niyyəti ilə bağlı artırılıb.
Pandemiyadan əvvəlki dövrdə 2019-cu ildə Rusiya gündə 11,5
milyon barel neft hasil edib ki, bu da qlobal hasilatın 12 faizini
təşkil edib. Bunlardan gündəlik 9,2 milyon barel ixrac edilib,
ixracın 57 faizi Avropa, 18 faizi Çin və 6 faizi ABŞ-ın payına
düşüb. Gündə “bir neçə” milyon barel neft sanksiyalar və ya
əks-sanksiyalar nəticəsində bazara çıxmaya bilər. Eyni zamanda,
qlobal neftə tələbat və istehlak demək olar ki, pandemiyadan
əvvəlki səviyyəyə qayıdıb və OPEC+ daha əvvəl təsdiq edilmiş
qrafikə uyğun olaraq hasilatı artırmağa davam edir və aprel ayında
gündəlik daha 400 min barel artım gözlənilir.
Buna baxmayaraq, “Fitch” uzunmüddətli proqnozunu saxlayır:
2025-ci ildə və ondan sonrakı illərdə Brent markalı neftin
qiymətinin bir barel üçün 53 dollar səviyyəsində olacağı
gözlənilir.