Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yeni dələduzluq üsulları ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AzerTimes-a qurumdan bildirilib.
Məlumatda deyilir ki, son araşdırmalara əsasən fırıldaqçılar tərəfindən kart istifadəçilərinin pul vəsaitlərinin yeni sxem əsasında ələ keçirilməsi müşahidə edilir.
“Belə ki, SMS məlumatlandırma və sosial şəbəkələrdə olan hesablar üzərindən kart istifadəçilərindən iş yeri ilə təmin edilmə və ya virtual satışdan əlavə gəlir mənbəyinin formalaşdırılması məqsədilə ilk növbədə müvafiq internet səhifədə (www.mercadorss.com və s.) qeydiyyatdan keçmək istənilir.
Qeydiyyatdan keçən kart istifadəçilərinə məbləğə görə faiz gəliri təqdim edən müxtəlif xidmət paketlərinin əldə edilməsi təklif edilir. Bu məqsədlə, kart istifadəçiləri mövcud balanslarının artırılması üçün pul vəsaitini (10 – 10000 AZN məbləği intervalında) fırıldaqçılar tərəfindən təqdim edilən ödəniş kartına köçürməlidir. Fırıldaqçılar istifadə etdikləri ödəniş kartlarını mütəmadi qaydada dəyişdirmək üçün fərqli yanaşmadan istifadə edirlər. Belə ki, kart istifadəçiləri Vatsap və Teleqram üzərindən “işə cəlbetmə” adı altında bu yeni fırıldaqçılıq sxemində iştiraka dəvət edilirlər. Bu şəxslərdən isə fırıldaqçılıq sxemində vasitəçi olaraq ödəniş kartlarına toplanacaq pul vəsaitlərinin sonradan fırıldaqçılar tərəfindən göstərilən ödəniş kartlarına köçürülməsi və “Binance” tətbiqində və s. qeydiyyatdan keçərək əlavə hesab açılması tələb edilir.
Bu hesablar isə fırıldaqçılar tərəfindən idarə edilir. Bu fırıldaqçılıq sxemində kart istifadəçiləri iştirakçı olaraq ödədikləri pul vəsaitləri müqabilində sonradan hər hansı bir xidmət əldə edə bilmirlər. Bir qrup kart istifadəçiləri isə bu fırıldaqçılıq sxeminin realizasiyasında birbaşa vasitəçi və ya “transit” olaraq iştirak etmiş olurlar”.
Mərkəz istifadəçilərə tövsiyyə edir ki, fərdi məlumatları qorusunlar:
“Sizin fərdi məlumatlarınız hər hansı cinayətləri sizin adınızdan həyata keçirmək üçün, hətta balansında pul olmayan təhlükəsizdir deyə düşündüyünüz və hər kəslə bölüşdüyünüz bank kartınız isə hansısa dələduzluq məqsədi ilə istifadə olunan bank köçürmələrində “transit” hesab kimi istifadə oluna bilər.
Səbəb fırıldaqçıların tədqiqat zamanı öz izini gizlətmək istəməsi və araşdırmaların hədəfi kimi sizi göstərməsidir.
Fərdi məlumatlarınız sizin üçün bəzən dəyərli görsənməsə də əslində ondan istifadə etməyi bacaranlar üçün çox dəyərlidir”.