Firdovsi Umudov: Tarixi Zəfərimizin bəxş etdiyi əminlik idmançılarımıza daha böyük güc və stimul verir

İdman siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən
biridir. Həyatın bütün sahələrində dinamik inkişafa malik olan
ölkəmizdə idmana maraq kütləvi hal alıb. Təsadüfi deyil ki,
atletlərimiz ən nüfuzlu yarışlarda şanlı qələbələr qazanaraq
bayrağımızı daim uca zirvələrə qaldırırlar. İdmançılarımızın
qarşısında duran əsas vəzifə bundan sonra da dövlətimizin şöhrətini
hər zaman yüksəklərdə saxlamaqdır.

Bu sözləri güləş üzrə tanınmış mütəxəssis, “Şöhrət” ordenli,
Əməkdar məşqçi, “Sərhədçi” klubunun prezidenti Firdovsi Umudov
bildirib.

O, qeyd edib ki, bütün sahələrdə qabaqcıl ölkələrin sırasında
olan Azərbaycan həmişə liderliyini qoruyur: “Olimpiya Oyunlarında,
dünya, Avropa çempionatlarında böyük nailiyyətlər əldə etmiş
ölkələrin reytinqlərinə baxdıqda, məhz inkişaf etmiş dövlətlərin
nümayəndələrinin uğur qazanmasının şahidi oluruq. Azərbaycanın
qüdrətini əks etdirən idman nailiyyətləri bu baxımdan bizim üçün
çox qiymətlidir. Ölkəmizdə güclü idman infrastrukturunun
yaradılması, təlim-məşq toplanışlarının, hazırlıq işlərinin yüksək
səviyyədə qurulması, iqtisadi baza kimi amillər böyük əhəmiyyətə
malikdir. Bu gün Azərbaycanın bütün regionlarında idmanla məşğul
olmaq üçün çox gözəl şərait yaradılıb və bu iş böyük sürətlə davam
etdirilir. Bütün sahələr üzrə həm kifayət qədər təcrübəli
mütəxəssislər formalaşıb, həm də maddi texniki baza yüksək
səviyyədədir. Dövlətimizin başçısı deyib ki, azad edilmiş
torpaqlarda da idman inkişaf etməlidir. Stadionlar, idman
kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş
bütün şəhərlərin Baş planlarında da öz əksini tapır.

Ölkə başçısının Suqovuşan qəsəbəsinə səfəri çərçivəsində bu
ərazilərdə idmanın inkişafı ilə bağlı tapşırıqlar verdi. Xüsusi
vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad
olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.
Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplanışının rəsmi açılışı bu
ərazilərin idman potensialının dirçəldilməsi istiqamətində atılan
ilk addımlarımızdandır”.

F.Umudov bu günlərdə dövlət başçısının Avropa çempionatında
uğurla çıxış edən gənc güləşçilərimizi qəbul etməsi ölkəmizdə
idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının bariz
nümunəsi olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına
göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Dövlətimizin başçısının idmançılara “Siz idmançılar bundan sonra,
sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil
edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən
azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran
xalqıq”, – sözləri hər birimizdə böyük qürur hissi yaratdı”.

“Biz hər zaman Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr
etməliyik. Ölkə başçısının idmançılara diqqət və qayğısı, Olimpiya
Oyunlarına yolasalma mərasimlərində, eləcə də böyük nailiyyətlərlə
Vətənə qayıdan komandanı qəbul etməsi hər zaman böyük ruh
yüksəkliyinə səbəb olub. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə
həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki,
Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək. İndi
tarixi Zəfərimizin bəxş etdiyi bu əminlik idmançılarımıza daha
böyük güc və stimul verir. Əminik ki, bundan sonra nəticələrimiz
daha yüksək və parlaq olacaq”, – deyə F.Umudov əlavə edib.

Teqlər: