Finlandiyada Azərbaycan evinin açılışı oldu

Finlandiyada Azərbaycan evinin açılışı oldu

Finlandiyanın Helsinki şəhərində Azərbaycan evinin açılış mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, Finlandiya paytaxtının mərkəzində yerləşən Azərbaycan evinin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, ölkəmizin İsveç və eyni zamanda, Finlandiyadakı səfirliyinin müşaviri Cavanşir Məmmədov, Türkiyənin Finlandiyadakı səfiri Dəniz Çakar, Finlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen habelə, bu ölkədə yaşayan Azərbaycan və türk diasporasının fəalları iştirak ediblər.

Qonaqlara Azərbaycan evinin fəaliyyət istiqamətləri barəsində məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Elşad Əliyev diaspor komitəsinin xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətini dəstəkləməsi istiqamətində apardığı işlərdən danışıb. Bildirilib ki, hazırda dünyanın bir sıra ölkələrində ümumilikdə, 18 Azərbaycan evi fəaliyyət göstərir. Helsinkidə açılan Azərbaycan evi ilə onların sayı 19-a çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vurğulayıb ki, digər ölkələrdə olduğu kimi Helsinkidəki Azərbaycan evinin də qapıları hər zaman Azərbaycanı sevən, onu tanımaq istəyən hər bir kəsin üzünə açıqdır. “İndi sizi bir araya gətirəcək və tədbirlər keçirə biləcəyiniz bir məkan var. Burada övladlarınız üçün Azərbaycan dili kursları təşkil olunacaq. İnanırıq ki, Finlandiyadakı kiçikyaşlı soydaşlarımız bu kurslardan müvəffəqiyyətlə yararlanacaq və bu ənənəni gələcək nəsillərə də ötürəcəklər”, – deyə Elşad Əliyev qeyd edib.

Finlandiyada Azərbaycan icmasının fəaliyyətinə toxunan sədr müavini burada peşəkar fəaliyyət göstərən, təhsil alan soydaşlarımızın hər zaman öz fəallığı ilə seçildiyini və soydaşlarımızın uğurlarının ölkəmizin müsbət imicinin formalaşmasında böyük rol oynadığını bildirib.

Teqlər: