Fındıqçılıq üzrə texniki sertifikat proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilib (FOTO)

Fevralın 23-də ABŞ səfiri Li Litzenberger, Azərbaycan Dövlət
Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, eləcə də
universitetin professor heyəti və tələbələr Fındıqçılıq üzrə
Texniki Sertifikat Proqramının 35 məzunu üçün təşkil edilmiş
buraxılış mərasimində iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən AzerTimes-a bildirilib ki, ABŞ hökumətinin,
USAID-in və “Ferrero Hazelnut Company” şirkətinin birgə dəstəyi ilə
həyata keçirilmiş Texniki Sertifikat Proqramının məqsədi
fındıqçılıq sektorunda müasir aqrotexniki qaydaları təşviq etmək və
gənc liderlərin potensialını gücləndirməkdir.

“Dünya bazarında kənd təsərrüfatı sektorunun məhsuldarlığı və
rəqabətliliyi müasir istehsal qaydalarının əlçatanlığından və
tətbiqindən asılıdır. Dünyanın aparıcı aqronomlarının fındıqçılıq
üzrə biliklərini bölüşərək və gənclərin rəqabətyönümlü bacarığını
gücləndirərək aqrar sahibkarlardan ibarət yeni nəslinin bu sektorda
və ümumi iqtisadiyyatda fəal iştirak etməsinə şərait yaradırıq.
USAID bu yolla gəncləri dəstəkləyir və yeni iş yerləri açır”, –
deyə səfir Litzenberger bildirib.

Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramı çərçivəsində
tələbələrə beş həftəsonu ərzində dünya səviyyəli, üzbəüz və onlayn
təlimlər keçirilib, eləcə də gələcək aqronomlara əkindən məhsul
yığımına qədər bütün becərmə prosesləri ilə bağlı istiqamətlər
verilib. Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin
binasında, eləcə də Zaqatala, Qəbələ və Quba rayonlarında həyata
keçirilmiş təlim proqramının iştirakçılar fındıqçılıq sahəsində
fəaliyyət göstərən müxtəlif müəssisələrə, o cümlədən Zaqatala
Fındıqçılıq Elmi Tədqiqat Mərkəzinə, Azərbaycan Fındıq
İstehsalçıları və İxracatçıları Assosiasiyasının təlim mərkəzinə,
Azərbaycan Fındıq İxracatçıları Konsorsiumunun fındıq emalı
müəssisəsinə, Qilan Qəbələ Yeyinti Məhsulları ASC-nin fındıq
tingliyinə, eləcə də Quba rayonunda yerləşən və Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində olan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat
İnstitutuna səfər ediblər.

Təlimin üç ən yaxşı iştirakçısı fındıqçılıq üzrə sertifikatla
yanaşı, bu il qarşıdan gələn təcrübə səfərində iştirak etmək imkanı
da əldə edib. USAID-in Özəl Sektorun İnkişafı Layihəsi və “Ferrero
Hazelnut Company” şirkəti tərəfindən təşkil edilmiş fındıqçılıq
sənayesi üzrə İtaliyaya təcrübə səfərinin iştirakçıları “Ferrero”ya
və/yaxud onun ortaqlarına məxsus olan və onların idarə etdiyi
fındıq istehsalı, emalı və təhsili müəssisələrinə səfər edəcəklər.
USAID əlavə olaraq dörd ən yaxşı təlim iştirakçısına pul mükafatı
təqdim edib.

Teqlər: