Fikrət müəllimin 70 yaşına 1 il 4 ay var, amma… – Deputat

Fikrət müəllimin 70 yaşına 1 il 4 ay var, amma… – Deputat

Azərbaycan Respublikasının Prezidenti konstitusiya ilə ona verilmiş öz səlahiyyətlərindən istifadə edərək Fikrət Məmmədovun namizədliyini müzakirəyə təqdim edib. Mən sadəcə olaraq bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, konstitusiya məhkəməsi haqqında qanununun 14.3-cü maddəsinə görə, konstitusiya hakiminin vəzifədə olması ilə bağlı yaş həddi 70-dir. Fikrət müəllimin hələ 1 il 4 ay vaxtı var. Yəni bu məsələdə hələ heç bir problem yoxdur. Sadəcə olaraq diqqəti ona yönəltmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin digər üzvləri var ki, onların 70 yaşı tamam olub.

AzerTimes xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələnin müzakirəsi zamanı deyib.

“Hörmətli həmkarlar, biz təkcə Konstitusiya Məhkəməsində yox, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük. Hesab edirəm, Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən vicdanlı hüquqşünaslar var. Onlar o vəzifələrə təyin oluna bilərlər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır. O cümlədən Konstitusiya Məhkəməsi haqqında qanununu dəyişib, 70 yaş məsələsini çıxarmaq lazımdır. Yaxud hakimlərlə, digər dövlət orqanlarında vəzifəli şəxslərlə bağlı yaş məhdudiyyətini aradan qaldırmaq lazımdır. Ona görə ki, dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Ona görə də, mən, təklif edirəm ki, tezliklə biz, müvafiq icra hakimiyyəti orqanı ilə müzakirələr aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq”.

Teqlər: