FIG Dünya Kuboku: Ukrayna idmançısı dayaqlı tullanmada qızıl medal qazanıb

Ukrayna idmançısı Nazar Çepurniy 15,016 xalla Bakıda keçirilən
idman gimnastikası üzrə FIG Dünya Kubokunun tullanmada qızıl
medalını qazanıb.

AzerTimes-ın məlumatına görə, İsrailli gimnast Andrey Medvedev gümüş
(14.500 xal), bürünc medalı isə İsrailin daha bir təmsilçisi Artem
Dolqopyat (14.450 xal) qazanıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Teqlər: