Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohaya işgüzar səfəri zamanı Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani və HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə QNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Qətər əmiri Fidanla danışıqlar zamanı mülki şəxslərə qarşı istənilən hücum formasını pisləyib, Fələstin-İsrail münaqişəsinin həllinə yönəlmiş səylərin vacibliyini vurğulayıb və Qəzza zolağının sakinlərinə yardım üçün humanitar dəhlizlərin açılmasına çağırıb.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun üzvü İzzət ər-Rişkanın Teleqram kanalında yaydığı xəbər görə, Fidan və Haniyə Qəzzadakı vəziyyətin inkişafını, İsrail təcavüzünə qarşı durmağın və Fələstin vətəndaşlarına kömək etməyin yollarını nəzərdən keçirib.