FHN zabitinin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

Fövqəladə Hallar Nazirliyinin zabiti, kapitan Heydərov Süleyman
Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi
ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən
xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi
Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Milli, irqi, dini ədavət və
ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə
cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar
təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata
keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə
uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Teqlər: