Xəbər - Samir Əli – Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) bəzi yanğın təhlükəsizliyi
qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən AzerTimes-a daxil olan müraciətdə bildirilir ki, FHN
üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.
“Bu çərçivədə, baş verən yanğınların təhlili onu göstərir ki,
yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına
etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş
verir. Belə ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki,
bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan
təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil
telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji
yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə
qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda
yanğınlara, acı nəticələrə gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, bir daha əhaliyə müraciət edərək
yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən
elektrik enerjisi ilə çalışan avadanlıqları istehsalçı müəssisə
tərəfindən müəyyən edilmiş qaydalara uyğun istismar etməyə, heç bir
halda şəbəkəyə qoşaraq nəzarətsiz saxlamamağa çağırırıq”,- deyə
mürəciətdə bildirilir.