FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair
əhaliyə müraciət edib.

FHN-dən AzerTimes-a daxil olan müraciətdə deyilir:

“Havaların isinməsi və yay mövsümü kənd təsərrüfatı sahəsində
fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda
istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə
alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və
daha sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq
tələb olunur.

Belə ki, bir sıra hallarda insanların ehtiyatsız və ya
məsuliyyətsiz davranışı, təsərrüfat fəaliyyəti və ya istirahət
zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi
yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka,
milli və təbii sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza
ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə
ilə üzləşməsinə səbəb olur.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, havaların
isinməsi ilə əlaqədar yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl
edilməsinin vacibliyini vurğulayır və bir neçə sadə təhlükəsizlik
qaydalarını bir daha xatırladır:

– taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə
və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret
çəkməyin;

– sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar
mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə
qırıntılarını ətrafa atmayın;

– siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;

– fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin
həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;

– təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi
hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos,
ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını
0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqalı nəzarətsiz
qoymayın;

– tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin –
tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla
örtülməlidir;

– küləkli havada tonqal qalamayın;

– yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması
qadağandır;

– yanğın baş verərsə, mümkündürsə, onu əlinizin altında olan
vasitələrlə (su, torpaq, qalın parça materialı və s.) söndürməyə
çalışın və “112” qaynar xəttinə məlumat verin.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Teqlər: