Fövqəladə Hallar Nazirliyi, Nazirlik yanında İctimai şura və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, görüşdə FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini İradə Kərimova və Nazirliyin məsul əməkdaşları, İctimai şuranın sədri Fuad Hacızadə və şuranın üzvləri, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, ictimaishura.az saytının baş redaktoru Cəsarət Hüseynzadə iştirak ediblər.
Tədbirdə İ.Kərimova faydalı bir mexanizm kimi İctimai şuranın fəaliyyətinə Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi əhəmiyyət verildiyini, Nazirliyin müxtəlif qurumlarında Şura üzvləri ilə mütəmadi görüşlərin keçirildiyini, birgə müzakirələrin aparıldığını qeyd edib. Eyni zamanda, fövqəladə halların idarə edilməsi ilə əlaqədar cəmiyyəti narahat edən məsələlərin, vətəndaşların problemlərinin operativ şəkildə həllini tapması üçün Şura üzvləri tərəfindən ünvanlanan müvafiq rəy və təkliflərin, sorğuların daim nəzərə alındığı da diqqətə çatdırılıb.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, ictimaishura.az saytının baş redaktoru Cəsarət Hüseynzadə ictimai şuraların yaradılmasının mövcud problemlərin həlli üçün dövlət orqanları ilə cəmiyyət arasında əlaqələrin formalaşmasına, ictimai iştirakçılığın təmin edilməsinə xüsusi təkan verdiyini deyib, Fövqəladə Hallar Nazirliyinin də daim vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini məmnunluqla vurğulayıb.
O, həmçinin qeyd edib ki, FHN yanında İctimai şura ictimai nəzarətin təmin edilməsi istiqamətində xüsusi fəallığı ilə seçilir, bu fəaliyyət rəhbərlik etdiyi media subyekti tərəfindən keçirilmiş sorğunun nəticələrində də əks olunub. Belə ki, ictimaishura.az saytında keçirilən sorğunun nəticələrinə əsasən, FHN yanında İctimai şura ölkə üzrə 2023-cü il üzrə ən fəal ictimai şura seçilib.
Bütün qeyd olunanlar nəzərə alınaraq, İctimai şuraların vahid onlayn plaforması tərəfindən Fövqəladə Hallar Nazirliyi ictimai iştirakçılığın təmin edilməsində və ictimai şuraların vahid onlayn platforması olan ictimaishura.az saytı ilə fəal əməkdaşlığına görə, Nazirlik yanında İctimai şura isə 2023-cü il üzrə ən fəal İctimai şura kimi Fəxri Fərmanla təltif edilib.
Fəxri fərmanlar müvafiq olaraq İradə Kərimova və Fuad Hacızadəyə təqdim edilib.