Xəbər - Samir Əli – Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin yerli bölmələri ilə birlikdə Şəmkir, Tovuz və Samux rayonları ərazisində “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilmiş tədbirlərdə “Aqroservis” ASC-nin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, polis şöbələrinin nümayəndələri, fermerlər və biçin işləri aparan texnika sahibləri iştirak ediblər.
Tədbirlərdə taxıl yığımı və ot tədarükü, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən, xüsusilə odsöndürən balondan düzgün istifadə qaydaları əyani nümayiş etdirilib.