Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunun çənlər parkında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.
AzerTimes xəbər verir ki, təlimə DYMX-nin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və paytaxtın Qaradağ, Səbail, Binəqədi, 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri cəlb olunub.
FHN-in DYMX-nin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid neft məhsullarının saxlanıldığı çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılmasıdır: “Bu tip təlimlər mütəmadi olaraq keçirilir. Təlimdə 15 yanğın texnikasından istifadə olunub, 70 nəfər şəxsi heyət iştirak edib. Təlimin keçirilməsi zamanı qarşıya qoyulan məqsəd uğurla həyata keçirildi”.
Təlim zamanı çənlər parkında baş vermiş şərti yanğınla əlaqədar hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən “yanğın” qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.