FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi seminar-müşavirə keçirib (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı
ilə Gəncə şəhərində “Əməyin təhlükəsizliyi – iş prosesində
işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda
seminar-müşavirə keçirilib. Seminar-müşavirə təhlükə potensiallı
obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye
müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili
və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil
olunub.

Tədbirdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən
Nəzarəti Dövlət Agentliyinin məsul əməkdaşları, agentliyin Qərb
Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli
icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif
sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti
Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə tədbiri açıq elan
etdikdən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Daha sonra P.Quluzadə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi
ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin
əhəmiyyətindən danışaraq, dövlət başçısı tərəfindən sahibkarlara, o
cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına
göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Rəis müavini sənaye
müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin
vacibliyini qeyd edərək, qabaqlayıcı-profilaktik tədbirlərin
görülməsinin zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik
Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Nəsib Nəsibov
sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki
təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb,
sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində
istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər
barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında
işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil
Mənsimov, Kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin
təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Eltun Həsənov,
Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə
nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eldar
Əhmədov, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti
müfəttişliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahin
Qaçabəyov və Təhlükə potensiallı obyektlərin dövlət reyestri
şöbəsinin müdiri Namik İsmayılov çıxış edərək texniki
təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt
hadisələrin qarşısının vaxtında alınmasından ötrü zəruri olan
qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər
səsləndiriblər.

Sonra sənayenin müxtəlif sahələrinin təhlükə potensiallı
obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş
verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin
görülməsinə dair məsələlər müzakirə olunub.

Sonda FHN-in əməkdaşları seminar–müşavirə iştirakçılarının
suallarını cavablandırıblar.

Teqlər: