Xəbər - Samir Əli – Trend:
Uşaqların Beynəlxalaq Müdafiəsi Günü münasibətilə 1 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Nazirliyin Gəncə Regional Mərkəzində Vətən müharibəsi nəticəsində Gəncə şəhərindən olan şəhid övladları üçün “açıq qapı günü” keçirilib.
FHN-in Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Təhsil şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.
Daha sonra usaqlar Nazirliyin psixoloqları tərəfindən təşkil olunmuş intellektual oyun və qrup yarışlarına cəlb olunublar.
Tədbir asfalt üzərində rəsm yarışı ilə davam etdirilib.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.