Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə istiqamətində keçirilən əməliyyatlarda uğurlu fəaliyyətlərini davam etdirirlər.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 13 avqust 2021-ci il tarixində Muğlada jurnalistlər üçün mətbuat konfransı keçirib.
Konfransda, nazir müavini ölkə başçısının qardaş Türkiyəyə göndərilən Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri qarşısında qoyduğu tapşırığın yerinə yetirildiyini və rəsmi olaraq Muğla vilayətində meşə yanğınlarının tam söndürüldüyünü bəyan edib.
Nazir müavini meşə yanğınları ilə mübarizə apardıqları müddətdə onlara göstərilən diqqətə və isti münasibətə görə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına minnətdarlığını bildirib.