Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 5 halda
köməksiz vəziyyətdə qalma və 2 intihara cəhd faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o
cümlədən Səbail və Qaradağ rayonlarının ərazisində intihar
məqsədilə özünü dənizə atan 2 nəfər xilas edilib.
Həmçinin, Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş
kəndi ərazisindən keçən hissəsində batmış 1990-cı il təvəllüdlü
İsayev Ağasalam Əjdər oğlunun meyiti kanalın Siyəzən rayonu, Zarat
kəndi ərazisindən keçən hissəsində aşkarlanaraq çıxarılıb.
Bundan başqa, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout
kəndi ərazisindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü
Orucov Elməddin Yusir oğlunun meyiti dalğıc-axtarış qrupu
tərəfindən batdığı yerdən təqribən 10 km aralıda aşkarlanaraq
aidiyyəti üzrə təhvil verilib.