FHN küləkli hava şəraitinə görə əhaliyə müraciət edib

Gecə saatlarından başlayaraq ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Hökm sürən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, müraciətdə deyilir:

“Əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!”

Teqlər: