Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkədəki yanğın-xilasetmə qüvvələrinin üzvlərindən ibarət ikinci qrup avqustun 16-da Vətənə dönüblər.
Trend-ın yanğın bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, 174 nəfərdən ibarət yanğın-xilasetmə qrupunun üzvlərini Dalaman hava limanından Muğla vilayətinin rəsmi şəxsləri yola salıblar.
FHN-in yanğın-xilasetmə qüvvələrinin digər üzvləri isə yanğınsöndürmə texnikası ilə birlikdə Azərbaycana yola salınıb.
Qeyd edək ki, FHN-in əməkdaşlarının birinci hissəsi avqustun 16-da 15 radələrində Azərbaycana qayıdıblar.
Xatırladaq ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı iştirak edib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi. Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə yanğınların qarşısının alınmasında əsl fədakarlıq göstəriblər.