FHN-in Bakı Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı ardıcıl fəaliyyəti” mövzusunda tədbir keçirilib.
AzerTimes xəbər verir ki, nazirliyin aparatı və strukturuna daxil olan qurumlarının vəzifəli şəxslərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat verib, bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib. Qeyd edib ki, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun göstərişi ilə xüsusi səfərbər edilmiş hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridilərək xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə dinc əhaliyə divan tutulub. Yüzlərlə soydaşımız Azərbaycanın xoşbəxt gələcəyi, azadlığı, müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olub, yaralanıb, itkin düşüb, ancaq bəşər tarixinə xalqımız yeni qəhrəmanlıq salnaməsini yazıb.
20 Yanvar faciəsinin mahiyyəti ilə əlaqədar həqiqi qiyməti ilk dəfə olaraq Moskvada təzyiqlər altında yaşasa da ümummilli lider Heydər Əliyevin verdiyini bildirən M.Həsənov diqqətə çatdırıb ki, hadisənin səhəri günü özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn Ulu Öndər mətbuat konfransı keçirib, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, qatilləri lənətləyən bəyanatla çıxış edib. Bu aksiyanı antihumanist, antidemokratik və hüquqa zidd sayıb. 20 Yanvar hadisəsini sovet rəhbərliyi, konkret olaraq Qorbaçov tərəfindən Azərbaycan xalqına qarşı yönəlmiş ən böyük cinayət kimi qiymətləndirib. Ulu Öndər, eyni zamanda tələb edib ki, tərəqqipərvər bəşəriyyət Azərbaycan xalqına qarşı edilmiş bu cinayəti törədən insanların cəzalandırılması üçün addımlar atsın.
Tədbirdə çıxış edən digər natiqlər faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olanların dövlət qayğısı ilə əhatə olunduğunu bildiriblər. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdiyini bildirən natiqlər diqqətə çatdırıblar ki, Ulu Öndər xalqın tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycan Milli Məclisi 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilib.
Vurğulanıb ki, hazırda ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə sosial cəhətdən həssas əhali qrupları, o cümlədən 20 Yanvar əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən 2023-cü il yanvarın 1-dən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 600 manat müəyyən olunub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Tədbirin sonunda “Bir mətbuat kofransının tarixi” adlı sənədli film nümayiş olunub.