Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illiyi və cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi ilə əlaqədar tədbir keçirilib.
AzerTimes xəbər verir ki, tədbirdə Mülki müdafiə qoşunlarının qərargah rəisi-komandanın müavini general-leytenant Azad Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Fuad Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, elmlər doktoru Cəbi Bəhramov və MMQ-in şəxsi heyəti iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Dahi Rəhbərin respublikaya rəhbərliyinin ilk günlərindən başlayaraq qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində Azərbaycan böyük inkişafa nail olub.
Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursunu böyük bacarıqla davam etdirir. Dövlətimizin başçısının 20 illik fəaliyyəti dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.