Bakı Su İdman Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük üzrə yarışlara yekun vurulub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, 21 qurumdan 72 əməkdaş (60 kişi, 12 qadın) komanda və fərdi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.
Yarışda iştirak edən FHN-in üzgüçülük üzrə kişilərdən ibarət komandasının üzvləri Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru Natiq Şıxəliyev, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüfət Əhmədov və Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları baş leytenant Rüstəm Esetov və çavuş Novruz Əliyev 4 nəfər olmaqla yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 4×50 metr sərbəst üsul estafet yarışlarında FHN-in komandası 2 dəqiqə 19 saniyə vaxtla finiş xəttinə çataraq yarışın bürünc medalının sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
Fevralın 13-də FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış komanda üzvləri ilə görüşərək, qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda onlara uğurlar arzulayıb.