27-28 aprel tarixlərində Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3×3 basketbol növü üzrə Respublika birinciliyi keçirilib.
AzerTimes xəbər verir ki, yarışda 15 dövlət qurumunun komandası mübarizə apararaq öz qüvvələrini sınayıb.
Çempionatda ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası gərgin mübarizə şəraitində keçən yarışları qalib olaraq başa vurub.
Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə isə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan komandamız rəqibə 12:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.