FHN-in bir qrup əməkdaşı təltif olundu – Foto

FHN-in bir qrup əməkdaşı təltif olundu – Foto

Dekabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının (MMQ) komandanlığında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.

FHN-dən AzerTimes-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, dünya azərbaycanlılarının birliyi ideyası Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib.

Həmçinin çıxışlarda vurğulanıb ki, Ulu Öndərin ölkəmizin inkişafi istiqamətindəki uzaqgörən siyasəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız şanlı Ordumuz tərəfindən 44 gün ərzində azad edildi.

Tədbirdə Mülki müdafiə qoşunlarının bir qrup əməkdaşı 2022-ci ilin xidməti döyüş fəaliyyətinin nəticələrinə əsasən təltif olunub, qoşunların şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edilib.

Tədbirin bədii hissəsi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar Mədəniyyət evinin kollektivi və Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin ifasında konsert proqramı ilə davam edib.

Teqlər: