Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Qətərin uyğun dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində may ayının 15-dən etibarən FHN-in Akademiyasında Qətərdən olan bir qrup zabit üçün fövqəladə halların idarə olunması ilə bağlı təlim kurslarına start verilib.
Bu barədə AzerTimes-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 27-nə qədər davam edəcək kurslarda Qətərdən olan 10 nəfər zabit iştirak edir.
Kursların təşkilində məqsəd müxtəlif xarakterli fövqəladə hadisələr zamanı idarəetmə, qərarların qəbulu və icrasının təşkili, qəbul olunmuş planların reallaşdırılmasının təhlili və fövqəladə hallarla mübarizə üzrə digər istiqamətlərdə qətərli zabitlərin bilik səviyyəsinin yüksəldilməsidir.
Qeyd edək ki, kurslar nəzəri və praktiki hissələrdən ibarət olmaqla Akademiyanın peşəkar pedaqoji heyəti tərəfindən təqdim edilir. Kursları müvəffəqiyyətlə başa vurmuş zabitlərə müvafiq beynəlxalq sertifikat veriləcək.
Kurslar 20 oktyabr 2014-cü il tarixində Doha şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən təşkil olunub.