Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün
axşamdan başlayaraq mayın 21-dək ölkə ərazisində hava şəraitinin
yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli
intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, ayrı-ayrı yerlərdə
güclü külək əsəcəyi proqnozlaşdırılır.
FHN-dən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar
Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə
əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə
çağırır.
Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı
və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq
durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən
yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə
alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət
edilməlidir.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və
seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik
cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,
taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,
ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.