Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.
AzerTimes xəbər verir ki, fərmanda deyilir:
“1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən ödənilir.
6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
7. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir”.