FHN əhaliyə xəbərdarlıq etdi: Telefonla danışmayın!

FHN əhaliyə xəbərdarlıq etdi: Telefonla danışmayın!

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

AzerTimes müraciətin mətnini təqdim edir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə, əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

FHN xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. İntensiv yağıntılarla əlaqədar mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Teqlər: