FHN-dən yoxlama: “Hamam” bağlandı – Video

FHN-dən yoxlama: “Hamam” bağlandı – Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 50 ünvanında yerləşən “Hamam” adlı obyektdə yoxlama keçirilib.

Bu barədə AzerTimes-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb;

– avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

– obyektin dəhlizi və otaqların divarları taxta konstruksiyalı materiallarla üzlənib və odadavamlı məhlulla hopdurulmayıb;

– obyekt tüstüyə qarşı müdafiə sistemi ilə təmin edilməyib;

– elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla təmin olunmayıb;

– obyektdə təxliyə planı mövcud deyil və təxliyə yolunda qazla işləyən kombi qurğusu quraşdırılıb;

– obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 50 ünvanında yerləşən “Hamam” adlı obyektin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Teqlər: