Son ana qədər Türkiyə xalqına yardıma davam edəcəyik.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı “Anadolu” agentliyinə açıqlamasında bildirib.
Agentlik qeyd edib ki, Azərbaycanın yardım qrupu Türkiyənin Qəhrəmanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə yardımı davam etdirir.
Fevralın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyindən ibarət xilasediciləri Türkiyəyə gələrək zəlzələnin episentri olan Qəhrəmanmaraşda işə başlayıb.
Heyətdən 114 nəfər daha sonra Hatay şəhərinə gedb, aralarında həkim və mühəndislərin də olduğu qrup Qəhrəmanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatılaraq 53 nəfəri dağıntılar altından xilas edib.
Fasiləsiz iş prinsipi ilə üç növbəli şəkildə aparılan işlərdə axtarış-xilasetmə işlərinə hazırlanmış 3 avtomobil, istiliyə həssas axtarış-xilasetmə cihazları və istilik kameraları ilə xüsusi təlim keçmiş 8 axtarış-xilasetmə itindən istifadə olunub.
Azərbaycan komandası həmçinin Qəhrəmanmaraşda 2 səhra xəstəxanası yaradıb. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə dəstək olublar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Pediatrlar zəlzələdən zərərçəkənlərə qulluq edib.
Azərbaycandan gələn heyət Qəhrəmanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi yaradıb.
Qəhrəmanmaraşda səhra mətbəxi yaradan Azərbaycan heyəti hər gün 1 000 nəfər üçün yemək hazırlayır və zəlzələdən zərərçəkənlərə xidmət göstərir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi də 10 təyyarə və yük maşını ilə Türkiyəyə adyal və qızdırıcı kimi humanitar yardım göndərib.
Axtarış-xilasetmə işlərinin tamamlanmasının ardından qrupun bir hissəsi Türkiyəni tərk edib, amma aralarında həkimlərin də olduğu 310 nəfər Qəhrəmanmaraşda tibbi yardım işlərini davam etdirir.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı da xatırladıb ki, fevralın 6-dan zəlzələ baş verəndən axtarış-xilasetmə və humanitar yardım işləri aparıılır:
“Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz bir millət, iki dövlətik. Qardaşlarımızın yanındayıq. Əlimizdən gələni edəcəyik. Son ana qədər Türkiyə xalqına yardıma davam edəcəyik”.