27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində silsilə tədbirlər keçirilib.
AzerTimes xəbər verir ki, dövlət Himninin səsləndirilməsi ilə başlanan anım tədbirlərində torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 ilə yaxın müddətdə düşmən tərəfindən işğal altında saxlanılan əzəli torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Məhz Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Qəhrəman Ordumuzun misilsiz şücaəti, cəsur əsgər və zabitlərimizin işğal altında olan Vətən torpaqları uğrunda apardığı ölüm-dirim mübarizəsi sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Silahlı Qüvvələrimizin sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində təcavüzkar Ermənistan ordusu darmadağın edildi, düşmən kapitulasiya sənədini imzalamaq məcburiyyətində qaldı.
Çıxış edənlər doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.