Aprelin 28-də Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzerTimes xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirdə ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 iliyinin böyük təntənə ilə qeyd olunduğunu xatırladaraq görkəmli alimin mənalı ömür yolundan danışıblar. Diqqətə çatdırılıb ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhvə verən akademik Zərifə xanım Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda çox ciddi işlər görüb.
Daha sonra tədbirdə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “İşığa aşiq ömür” adlı film nümayiş olunub.