FHN BP şirkəti üçün təlim keçdi – Foto

FHN BP şirkəti üçün təlim keçdi – Foto

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) BP şirkəti və onun podratçı təşkilatlarında çalışan ionlaşdırıcı şüalanma ilə işləyən işçilər üçün “Sənayedə radiasiya təhlükəsizliyi” mövzusunda təlim keçirib.

AzerTimes xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ionlaşdırıcı şüalanma ilə işləyən işçilərin radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə bilik və bacarıqlarının artırılması olub.

Təlimdə çıxış edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər, eləcə də sənayedə radiasiya təhlükəsizliyinin vacibliyi barədə ətraflı məlumat verib.

Ümumilikdə 30-a yaxın iştirakçının cəlb olunduğu təlimdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkil etdiyi təlim kurslarında iştirak etmiş ekspertlər – NRFTDA-nın Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Hüquq şöbəsinin müdiri Aysel Həsənova ionlaşdırıcı şüalanmanın sənayedə istifadəsi, geofiziki tədqiqatlar, radionuklid və rentgen defektoskopiya, radioizotop cihazların istifadəsi zamanı radiasiya təhlükəsizliyinin tələbləri, idxal/ixrac əməliyyatları, beynəlxalq daşımada olan radiasiya təhlükəli bağlamaların markalanması, aktivlik limitləri və nəqliyyat indeksləri, radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarət funksiyalarının həyata keçirilməsində mövcud qanunvericilik tələblərinin icmalı mövzularını əhatə edən təqdimatlarla çıxış ediblər.

Uğurla başa çatan təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Teqlər: