FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə təlim keçirib (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı
şəhərinin Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə
hərəkətlərin təlim məşqini uğurla icra edib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, əsas məqsədi
Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı
mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini
yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri
isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb. Daha
sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş
verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi
alova ilkin müdaxiləyə başlayıb. Eyni zamanda, ərazidə olan bütün
şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait
qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat
verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik
tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in
Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri
və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə
başlayıb.

Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində
hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının
texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti
pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək
Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.

Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim
çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı
FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq
tövsiyələr verilib.

Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə
tutulur.

Teqlər: