AxarFövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
AzerTimes xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
FHN-in əməkdaşları nəzəri hissədə təlim iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarx nümayiş etdiriblər.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə “ilkin yardım göstərilib”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.