FHN 1,6 tonluq təhlükəli maddəni məhv etdi – Video

FHN 1,6 tonluq təhlükəli maddəni məhv etdi – Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq yoxlamalar həyata keçirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik bəzi müəssisələrdə ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələrin laboratoriya sınaqları nəticəsində normativ tələblərə cavab vermədiyi və yanğınların söndürülməsində yararsızlığı ilə yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib.

Qeyd olunanlarla bağlı pozuntular aşkar olunmuş həmin müəssisələrin fəaliyyətinin dayandırılması ilə yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq ümumilikdə istifadəyə yararsız və təhlükəli 1620 kiloqram quru kimyəvi toz maddə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəz”ində utilizasiya edilib.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Teqlər: