Fevralın 20-də magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 20-də ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının
magistraturalarına qəbul imtahanı keçirəcək.

DİM-dən AzerTimes-a verilən
məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı
respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron,
Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan
binasında aparılacaq.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd
etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış
rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə
dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin
səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq
və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın
başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya
iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı,
sual kitabçası da nəzarətçiyə təhvil verilir.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri
çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas
hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün
imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və
imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan
vaxtda gəlmək vacibdir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri,
elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab,
dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta
və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan
imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün
bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında
başa çatdırılmasına mane olur.

İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə
veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron
termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. Bədən hərarəti 37
dərəcə və ya ondan yuxarı olan iştirakçılar imtahana buraxılmır.
İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə
əyləşdirilməsi təmin olunacaq.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə
fevralın 1‑dən 10-dək aparılıb. İmtahanda iştirak etmək üçün 17097
bakalavr ərizə təqdim edib. Onlardan 15653 nəfəri Azərbaycan
bölməsi, 1444 nəfəri rus bölməsi üzrə imtahan verəcək.
Bakalavrlardan 10307-si cari ilin, 6790-ı isə əvvəlki illərin
məzunlarıdır, 33 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya
qəbul olmaq istəyən ən cavan bakalavr 2003-cü il, ən yaşlı bakalavr
isə 1963‑cü ildə anadan olub.


Qəbul imtahanı Bakıda 50, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6,
Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq.
Bakıda 12307, Naxçıvanda 558, Gəncədə 1418, Sumqayıtda 1208,
Abşeronda 698, Mingəçevirdə 574, Lənkəranda 334 bakalavrın imtahan
verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 271 imtahan rəhbəri
və ümumi rəhbər, 1590 nəzarətçi-müəllim, 146 buraxılış rejimi
əməkdaşı cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın
14-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi
kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana
buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan
verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri
mütləq özləri ilə gətirməlidirlər:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”
(Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir
yerdə çap olunur və bakalavr tərəfindən imzalanır. Bəyannaməni
imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud
həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan
rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.
Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat
imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin
edilməsi məqsədilə fevralın 19-da imtahan mərkəzləri, zallar,
giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi
Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Teqlər: