Fərrux Zəfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi, nə vaxt, necə etmək lazım olduğunu dəqiq bilir – Sevil Mikayılova

Azərbaycan torpaqlarının separatçı ünsürlərdən təmizlənməsi
uğurla davam edir, üçrəngli bayrağımız artıq Fərrux kəndində
dalğalanır.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycan torpaqlarının bütövləşməsi
tarixi nailiyyətimizidir və Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında
şanlı ordumuz zəfər tarixini yazmaqda davam edir.

“Fərrux zəfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi,
nə vaxt, necə etmək lazım olduğunu dəqiq bilir, məsələlər səbr və
təmkinlə həllini tapır. Azərbaycan xalqı hər zaman öz liderinə
güvənib və bütün mürəkkəb problemlərin çözülməsində Ali Baş
Komandanın iradəsinə etibar edib. Bu gün bizi qürurlandıran
qələbəmiz məhz cənab Prezident İlham Əliyevin uzaqgörən, çevik və
müdrik siyasətinin təntənəsidir. İşğaldan azad olunmuş Vətən
torpaqlarına ayaq basdıqca duyduğumuz sonsuz fəxarət hissi bu
siyasətin zirvəsdir”, – deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, Fərrux zəfəri müxtəlif siyasi
oyunların rəzil iştirakçısına çevrilmiş erməni separatçılarına
növbəti görk olmalı, qeyri-qanuni silahlı birləşmələr silahı yerə
qoyub Azərbaycanın suveren hüquqlarına hörmət etməkdən başqa yol
olmadığını anlamalıdırlar.

“Fərrux kəndi ətrafında səngər qazan silahlılar kimi digərləri
də elə həmin “quyu”ya düşəcəklər. Azərbaycan Ordusu vəziyyəti
nəzarətdə saxlayır, istənilən qanunsuz hərəkətin qarşısı
alınacaq.

Rusiya sülhməramlılarına arxalanıb keçmişə qayıtmaq arzusunda
olanlar Fərrux əməliyyatından nəticə çıxarmalıdırlar. Azərbaycan
Ordusu uğurla irəliyə gedir.

Burada xüsusi qeyd etmək lazımdır kı, 2020-ci il noyabrın 10-da
imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndi qanunsuz erməni
birləşmələrinin ərazilərimizdən çıxarılmasını tələb edir. Rusiya
sülhməramlılarının bölgədə yerləşməi ilə bu qanunsuz birləşmələrin
neytrallaşdırılması paralel baş verməli idi. Təəssüf ki, erməni
separatçılarının qanunsuz əməllərinə göz yuman sülhməramlı qüvvələr
Fərrux kəndi yaxınlığında mövqe bərkitmə əməllərinə sadəcə
müşahidəçi qismində qalırdılar.

Bu cür addımlar Azərbaycan və Rusiya arasında bu il 22 fevralda
imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə
də zidd hərəkətlərdir”, – deyə S.Mikayılova əlavə edib.

Teqlər: